Azərbaycanda dəniz nəqliyyatının təşkili həm Bakı-Sumqayıt və digər sahil rayonları istiqamətində, həm də Bakının rayonları arasında gediş-gəlişi asanlaşdıra, ən əsası nəqliyyatda alternativləri çoxaltmaqla sərnişin yükünün bərabər paylanmasına səbəb ola bilər. Bəs bu istiqamətdə hansı işlər görülə bilər? Ümumiyyətlə yaxın gələcəkdə belə bir planın işlənib hazırlanması mümkündürmü?
Mövzu ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinə (DDLA) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Bakı–Sumqayıt istiqamətində və digər sahilboyu ərazilərdə dəniz nəqliyyatının alternativ sərnişindaşıma vasitəsi kimi təşkili bir sıra obyektiv səbəblərdən asılıdir:
“Buna məsafə, səfər müddəti, iqtisadi səmərəlilik və hidrometeoroloji şəraiti misal göstərmək olar. Sadalanan bütün bu amillər isə sözügedən istiqamətlərdə müntəzəm dəniz nəqliyyatının təşkili üçün məqsədəmüvafiq hesab edilmir.
Bununla yanaşı, sərnişinlərin dəniz xəstəliyinə qarşı fərdi dözümlülüyü, eləcə də gəmidə hər hansı qəza, texniki nasazlıq və ya zədələnmə baş verən zaman təxliyə və xilasetmə əməliyyatlarının mürəkkəbliyi dəniz nəqliyyatının gündəlik sərnişindaşıma sisteminə alternativ kimi tətbiqini məhdudlaşdırır”.
Bəs ekspertlər nə düşünür?
Plat.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu məsələ zaman-zaman gündəmə gəlir, bəzi təkliflər var, amma bunu texniki tərəfdən qiymətləndirmək lazımdır:
"Bəli, vaxtilə müəyyən istiqamətlərə sərnişin daşımaları həyata keçirilibdir. Amma indi Xəzərin səviyyəsi demək olar ki, 3 metrdən də çox aşağı enib deyə, həmin o dəniz yolları dayazlaşıbdır. Birincisi, o məsələni araşdırmaq lazımdır ki, bu nə dərəcədə mümkündür. Bakı buxtasında bəzi yerlər 50 santimetr, 1 metrə, 1 metr yarıma qədər dayazlaşıb. Bu da gəmilərin hərəkəti üçün ciddi problem yaradır".
Ekspert qeyd edib ki, problemlərə baxmayaraq, dəniz yolları üçün infrastruktur yaratmaq mümkündür. Amma bunun üçün müəyyən vəsaitdən xərclənməlidir. Bunun texniki-iqtisadi əsaslandırılması lazımdır ki, bu qədər vəsait xərclənəcək, bu qədər sərmayə qoyulacaq, bəs bu, effektiv olacaqmı? Nə qədər vaxtda layihə çəkilən xərci geri qaytaracaq və sair. Buna görə də bu barədə araşdırmağa ehtiyac var. Təbii ki, olsa yaxşı olar, çünki dəniz vasitələri sərnişindaşımada, həmçinin yükdaşımada vacibdir".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, Bakıdan çıxan gəmi Sumqayıta getmək üçün dənizin ortasına qədər hərəkət etməli, sonra yenidən üzü Sumqayıta doğru sahilə yan almalıdır:
"Bu da çox vaxt aparırır. Hazırki vəziyyət dəniz nəqliyyatı rentabelli olmayacaq. Bu səbəbdən də bu istiqamətdə layihə də hazırlanmır".
Həmçinin nəqliyyat eksperti Aslan Əsədovun da fikirlərini öyrəndik. Ekspert bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, Bakı və Sumqayıt şəhərləri arasındakı məsafəni daşıyacaq və yaxud aparacaq bir vasitə varmı?
"Varsa, nədir? Yəni o hansı texniki vasitənin köməyi ilə daşınma həyata keçirilə bilər? Misal üçün, gəmi ilə daşınmadır, yoxsa bərə ilə daşınmadır, paromla daşınmadır? Yəni hər halda sürətli bir vasitə ilə olmalıdır. Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında uzun yol var. Və bu yolu Bakı yarımadasını dolayısı ilə dolandıqda, yəni xəritə ilə biz onu göz önünə gətirsək, görəcəyik ki, məsafə bir neçə dəfə artır.
Ona görə bu Bakı ilə Sumqayıt arasında sərnişindaşıma elə qiymət olacaq ki və yaxud müddət o qədər uzun olacaq ki, o da sərf etməyəcək. Nə hansısa bir şirkətə, nə sahibkara. Nəzərə alaq ki, Xəzər, Bakı və Abşeron, Sumqayıt küləklər şəhəridir, külək ərazisidir. Bir neçə müddətdə gəmilərin fəaliyyətində fasilə olacaq. Yəni gəmilər işləməyəcək. Ona görə də bu, əlverişli ola bilməz və bahalı bir qiymət olacaq".
Ekspert qeyd edib ki, bu daşıma küləkli şəhərlərə aid olunmur və yaxud yaxın məsafəyə aid olur:
"Çünki bildiyimiz kimi, Xəzər dənizinin Bakı və Sumqayıt sahilləri də dərindir. Yəni bir ləngimədə gəmi aşa bilər, gəmidə fəsadlar ola bilər. Problemlər yarana biləcəkdir.
Ona görə bu səbəbdən Bakı ilə Sumqayıt arasında gəmi sərnişindaşıma sərfəli bir vasitə olmur. Turist baxımından ola bilər, səhər çıxan, axşam qayıdan, gəzək, dənizdə bir gün keçirək, yəni əyləncə məqsədli. Amma sərnişindaşımada faydalı olacağına mən şəxsən inanmıram".